15/05/2025
Abdullayev Fəxrəddin Gülməmməd oğlu, yaxınlaşma nəzəriyyəsi, cəbiri polinomlar sahəsində mütəxəssis, 15 may 1957-ci ildə Şamaxı rayonunun Sündi kəndində (indi Qobustan ərazisi) anadan olmuş, 1974-cü ildə Bakı şəhəri 16 (indiki 52) nömrəli məktəbini bitirmişdir. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, 1984-1986-cı illərdə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır.
1986-cı ildə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda professor V.İ.Belıy və baş elmi işçi V.V.Andriyevskinin rəhbərliyi ilə “Kvazikonform sərhədli bölgələrdə ortoqonal polinomlar (01.01.01.)” mövzusunda namizədlik, 2003-cü ildə “Ortoqonal polinomlar və Biberbax polinomları (01.01.01)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
O, əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyası Mexanika-Riyaziyyat İnstitutunda başlamış, sonralar Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (Donetsk), 1986-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1986-1993-cü illərdə Azərbaycan Dövlət Universitetində dərs demiş, 1994-1998-ci illərdə Trabzon Teknik Universitetində işləmişdir. 1998-ci ildən bu günə qədər Türkiyənin Mərsin Universitetində professor vəzifəsində çalışır və 2006-2010-cu illərdə Mərsin Universiteti Teknik Bilimlər Yüksəkokulu müdiri, 2008-2011-ci illərdə dekan, 2009-2015-ci illərdə isə matematik bölümü başkanı işləmişdir. O, 70-dən çox məqalənin, 2 dərsliyin müəllifi olmuş, onun rəhbərliyi ilə 9 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.