26/06/2025
Əfəndi Nəsib oğlu Nəsibov 26 iyun 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. 1978-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirən ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş və 1983-cü ildə oranı riyaziyyatçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutuna göndərilmiş və fakültə şurasının zəmanəti ilə Kibernetika İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. Sonra elmi tədqiqatlarını Moskvada SSRİ EA Mərkəzi Riyazi-İqtisadiyyat İnstitutunda davam etdirmişdir.
1987-ci ildə “Bəzi sinif qeyri-səlis riyazi proqramlaşdırma məsələlərinin tədqiqi və həll alqoritmlərinin qurulması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “01.01.09 – Riyazi kibernetika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Dissertasiya işində aşağıdakı yeni nəticələr alınmışdır:
Əfəndi Nəsibov 2003-cü ildə AMEA Kibernetika İnstitutunda “Qərar qəbuletmə məsələlərində fazi informasiyanın işlənməsinin dekompozision üsulları” mövzusunda dissertasiya müdafiə edərək, “05.13.18 – Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Doktorluq dissertasiyası çərçivəsində aşağıdakı elmi nəticələr alınmışdır:
O, elmi fəaliyyətinə Azərbaycan EA Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda başlamaqla Azərbaycan Dövlət Neft Akademiyası Tətbiqi riyaziyyat kafedrasında dosent (1990-1997), respublika Təhsil Nazirliyində “Təhsil sisteminin planlanması və proqnozlaşdırılması” laboratoriyasının müdiri (1997), “Azərbvodstroy” Ümumittifaq Tikinti-İstehsalat Birliyində “EHM-lərin riyazi təminatı” şöbəsinin müdiri (1989-1990) vəzifələrində çalışmışdır. 1992-1998-ci illər Azərb. Respublikası Təhsil Nazirliyində İnformatika üzrə Elm-Təhsil şurasının üzvü, “Kompüter” adlı elmi-kütləvi jurnalın yaradıcısı olmuşdur. 2003-2007-ci illərdə AMEA Kibernetika İnstitutunda “Qərar qəbuletmə modelləri və üsulları” laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
2001-2002-ci illərdə TUBİTAK NATO PC-B Proqramı üzrə qrant qazanaraq Türkiyədə elmi tədqiqatlar aparmışdır. 2003-2006-cı illərdə Türkiyənin Ege Universitetində və 2006-2010-cu illərdə Dokuz Eylül Universitetində professor olaraq çalışmışdır. 2010-cu ildə Türkiyədə ilk olaraq “Kompüter elmləri” adlı bölüm qurmuşdur və indiyə qədər bu bölümün müdiri vəzifəsində çalışmaqdadır. Bu müddət ərzində bir sıra elmi-tədqiqat qrantları qazanmış və çap olunan elmi məqalələrinə görə mükafatlar almışdır.
“Türkiyə İstatistikçilər Dərnəyi”, “Əməliyyatların Tədqiqi Dərnəyi”, “Fazi Sistemlər Dərnəyi” kimi bir sıra elmi cəmiyyətlərin üzvüdür.
Hal-hazırda “Fazi məntiq və Fazi çoxluqlar nəzəriyyəsi”, “İntellektual Veri Analizi (Data Mining)”, “Optimal qərar qəbul etmə üsulları”, “Fazi modelləşdirmə” kimi sahələrdə çalışır. Çoxu beynəlxalq jurnallarda çap olunmuş 200-dən artıq elmi məqalənin və 10-dan çox elmi kitabın müəllifidir. Bir sıra beynəlxalq konfransların və jurnalların elmi komitələrində yer alır.
Web of Science bazasında indeksləşən əsərlərinin sayı 47, Scopus bazasında indeksləşən əsərlərinin sayı isə 69-dur. Elmi əsərlərinə olan istinadların sayı 588, h-indeksi = 11, i10 indeksi = 16. Elmi rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.