17/07/2025
Hüseynov Hüseyn Şirin oğlu, funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsində tanınmış mütəxəssis, 1951-ci il iyulun 17-də Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olmuş, 1958-1968-ci illərdə Ağsu 3 nömrəli şəhər orta məktəbində təhsil almış və həmin məktəbi qızıl medalla bitirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, 1973-1976-cı illərdə Moskva Dövlət Universitetində məqsədli aspiranturada təhsil almışdır.
1977-ci ildə “Обратные задачи теории рассеяния для самосопряженных разностных операторов второго порядка (01.01.02)” mövzusunda namizədlik, 1991-ci ildə Tiflisdə Razmadze adına institutda “Некоторые вопросы спектральной теории операторов, связанные с периодическими задачами для дифференциальныx и разностных уравнений (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi olaraq başlamış, 1977-ci ildən 1980-ci ilə qədər həmin institutda böyük elmi işçi, 1982-1992-ci illərdə aparıcı, baş elmi işçi olaraq fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Operatorların Spektral Nəzəriyyəsi Şöbəsinə rəhbərlik etmişdir. Eyni zamanda Bakı Dövlət Universiteti və Xəzər Universitetlərində pedaqoji fəaliyyətini sürdürmüşdür.
1993-cü ildə Türkiyə Elmi və Texniki Araşdırma Qurumunun (TÜBİTAK) xətti ilə bir il müddətinə Türkiyənin İzmir şəhərində yerləşən Egey Universitetinə dəvət olunmuşdur. Professor Hüseyn Hüseynov 2001-ci ilə qədər bu universitetdə elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir.
2001-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Atılım Universiteti tərəfindən dəvət alaraq bu universitetdə elmi və pedaqoji fəaliyyət göstərmişdir. Eyni zamanda universitetdə bir sıra idari vəzifələri icra etmişdir. 2015-ci ildə buradakı fəaliyyətini yekun vurmuşdur. O, 125-ə yaxın elmi məqalənin müəllifidir.
Fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Hüseynov 20 mart 2005-ci ildə Ankara şəhərində dünyasını dəyişmişdir. O, doğulduğu torpaqda, Qaraqaşlı kəndində dəfn olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.