06/08/2025
Əliyev Rəşid Əvəzağa oğlu 6 avqust 1974-cü ildə Cəlilabad şəhərində anadan olmuş, 1990-cı ildə Cəlilabad şəhər 8 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1995-ci ildə Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək universitetin 01.01.01-Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur.
Aspirantura müddəti başa çatmamış, 1998-ci ildə professor Binəli Musayevin rəhbərliyi ilə “Sinqulyar inteqral tənliklərin yeni konstruktiv həll üsulu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2017-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Kompleks ölçülərin Koşi tipli inteqrallarının sərhəd xassələri və analitik funksiyaların yaxınlaşma nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildən Bakı Dövlət Universitetində baş laborant, müəllim və dosent vəzifələrində çalışmış, 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Riyazi analiz” kafedrası üzrə dosent elmi adını almışdır. Əsas elmi istiqaməti funksional analiz, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və sinqulyar inteqral tənliklər nəzəriyyəsidir. Sinqulyar inteqral tənliklərin yeni konstruktiv həll üsulunu vermiş və sonlu kompleks ölçünün Koşı tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması düsturunu almışdır.
42 elmi məqalənin (14-ü xaricdə Thomson Reuters agentliyi tərəfindən indekslənən nüfuzlu elmi jurnallarda çap olunub) və 1 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə bir nəfər riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.