Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Şakir Yusubov


Yusubov Şakir Şıxı oğlu, optimal idarəetmə sahəsində mütəxəssis, 14 avqust 1959-cu ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. Dəmirli 8 illik kənd məktəbində, 1974-1976-cı illərdə Darbaz kənd orta məktəbində oxumuş və həmin məktəbi qızıl medalla bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir.

1984-cü ildən 1987-ci ilə qədər Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasında əyani aspiranturada oxumuş, 1992-ci ildə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda professor Kazım Həsənovun rəhbərliyi ilə “Hiperbolik tənliklərlə təsvir olunan sistemlər üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 2017-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun müdafiə şurasında “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda mühəndis vəzifəsində başlayıb. 1988-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Riyaziyyat kafedrasındakı hesablama tədrisi laboratoriyasının müdiri, 1995-2006-cı illərdə Riyaziyyat kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışmışdır. 2006-cı ildən Mexanika-riyaziyyat fakültəsinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasında dosent vəzifəsində çalışır.

Şakir Yusubov bir dərslik, iki dərs vəsaiti və 80-dən artıq elmi əsərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər