25/08/2025
Namazov Qəmbər Kazım oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 25 avqust 1932-ci ildə Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuş, 1952-ci ildə Güllübulaq orta məktəbini gümüş medalla bitirmiş, həmin ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olmuş, 1956-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildə AEA-nın aspiranturasına qəbul olmuş, 1962-ci ildə Moskva Dövlət Universitetində akademik O.A.Oleynikin rəhbərliyi ilə “О краевых задачах для уравнений параболического типа с разрывными коеффицентами (01.01.02)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1984-cü ildə professor elmi adı almışdır. 1960-1962-ci illərdə AEA-nın fizika və riyaziyyat institutunda kiçik elmi işçi, 1962-1966-cı illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır.
1966-cı ildə ADU-nun diferensial və inteqral tənliklər kafedrasına dosent vəzifəsinə seçilmiş, 1969-1972-ci illərdə mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1972-1975 və 1999-2007-ci illərdə həmin fakültənin dekanı vəzifəsində çalışmışdır. 1972-1975-ci illərdə eyni zamanda mexanika-riyaziyyat fakültəsində ixtisaslaşmış müdafiə şurasının sədri olmuş və ömrünün sonuna qədər diferensial və inteqral tənliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2009-cu ildə isə Prezident təqaüdünə layiq görülmüşdür. Qəmbər Namazov 115 məqalənin və 3 dərs vəsaitinin müəllifidir, onun rəhbərliyi ilə 17 fizika-riyaziyyat elmləri namizədi hazırlanmışdır.
Qəmbər Namazov 2013-cü ildə vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.