17/09/2025
Salayev Valeri Valayeviç, fizika-riyaziyyat elmləri doktoru, professor, sinqulyar operatorlar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il sentyabrın 17-də Bakıda anadan olmuş, orta təhsilini 1946-1956-cı illərdə 169 nömrəli orta məktəbdə almış, 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir.
1964-cü ildə orada dissertant olmuş, 1967-ci ildə professor Arif Babayevin rəhbərliyi ilə ADU-da “Sinqulyar operatorun bəzi xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1975-ci ildə ADU-nun müdafiə şurasının iclasında “Kəsilməz funksiyalar fəzasında sinqulyar operatorlar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1962-ci ildə Bakı şəhərinin 284 nömrəli təşkilatında mühəndis-riyaziyyatçı, texniki hesablama mütəxəssisi kimi işləmiş, 1962-1965-ci illərdə ADU-nun “Hesablama riyaziyyatı” kafedrasında assistent, baş müəllim vəzifələrində, 1965-1970-ci illərdə AEA-nın Kibernetika institutunda əvvəlcə kiçik, sonra isə baş elmi işçi vəzifələrində çalışmış, 1970-ci ildən ömrünün sonuna qədər ADU-nun “Riyazi analiz” kafedrasında baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
Salayev Valeri professor A.Babayev və akademik Ə.Hüseynovla birlikdə cəmlənən funksiyalar sinfində sinqulyar operatorlar, Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklərin kvadratur üsulu ilə həlli, hamar olmayan əyrilər üçün Plemel-Privalov teoreminin analoqu, Koşi tipdəki inteqral üçün Rimanın bircins olmayan sərhəd məsələlərini, sonsuz əyrilərdə sinqulyar operatorları geniş təhlil etmişdir.
20-dən çox elmi əsərin müəllifi olub, rəhbərliyi ilə 14 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Valeri Salayev 1981-ci il sentyabrın birində – dərs ilinin ilk günü Bakıda vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.