20/09/2025
Hüseynov Əşrəf İsgəndər oğlu, inteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində görkəmli alim, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, akademik, 20 sentyabr 1907-ci ildə Cəbrayıl qəzasının (indiki Füzuli rayonu) Əmirvarlı kəndində anadan olmuşdur. Əşrəf Hüseynov 1925-ci ildə orta təhsilini yüksək qiymətlərlə başa vurduqdan sonra Cəbrayıl Rayon Təhsil Şöbəsinin göndərişi ilə ali təhsil almaq üçün Azərbaycan Ali Pedaqoji İnstitutuna qəbul olunmuş, əmək fəaliyyətinə tələbəlik illərindən başlayaraq, 1927-ci ildə Ali Pedaqoji Məktəb Azərbaycan Dövlət Universiteti ilə birləşdirildikdən sonra, 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin fizika-riyaziyyat şöbəsini bitirmişdir. O, eyni zamanda 1928-ci ildə fəhlə kurslarında, 1929-cu ildə sənaye texnikumunda dərs demişdir.
Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra, elmi tədqiqat işini davam etdirmək məqsədi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə ezam olunmuş, aspirantura təhsilini orada başa vurmuşdur. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun “Ali riyaziyyat” kafedrasında assistent, 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyazi analiz” kafedrasında dosent, 1934-1938-ci illərdə isə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır.
Əşrəf Hüseynov 1940-cı ildə Moskva Dövlət Universitetinin elmi şurasında görkəmli riyaziyyatçı A.A.Buxştabın rəhbərliyi ilə “Potensiallar nəzəriyyəsinin bir məsələsinə dair” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra Bakıya qayıdır və elə həmin ildən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı, eyni zamanda funksiyalar nəzəriyyəsi və həndəsə kafedrasının müdiri vəzifəsində çalışmağa başlayır.
1945-ci ildə Əşrəf Hüseynov doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə Moskvaya ezam olunur. 1948-ci ildə, 41 yaşında Moskva Dövlət Universitetində akademik Andrey Nikolayeviç Tixonovun rəhbərliyi ilə “Qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi teoremləri və onların bəzi tətbiqləri” mövzusunda böyük müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir. Onun doktorluq dissertasiyasının opponentlərindən biri dünya şöhrətli alim, akademik Mstislav Vsevolodoviç Keldış olmuşdur. Əşrəf Hüseynov ölkəmizin tarixində riyaziyyat üzrə elmlər doktoru olmuş üçüncü azərbaycanlıdır. O, riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqləri” sahəsində görkəmli mütəxəssis idi.
Onun 1940-1950-ci illərdə qeyri-xətti sinqulyar inteqral tənliklər sahəsində aldığı fundamental nəticələr görkəmli alimlər A.N.Tixonov, M.V.Keldış, M.A.Lavrentyev və başqaları tərəfindən yüksək qiymətləndirilib. Bu nəticələr inteqral tənliklər nəzəriyyəsində sözün əsl mənasında bir dönüş yaratmışdır, bu istiqamətdə davam etdirdiyi tədqiqatlar və çoxsaylı tələbələrinin aldığı yeni nəticələr sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbi yaranmışdır. Akademik Əşrəf Hüseynov qeyri-xətti inteqral tənliklərin tədqiqində tərpənməz nöqtə prinsipindən istifadə edən ilk riyaziyyatçı, qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi, hələ 1946-cı ildə klassik Riman-Hilbert probleminin lokal həllinin varlığını isbat edən böyük alim idi. Hələ 50-ci illərin əvvəllərində o, Privalov teoremini Hilbert nüvəli sinqulyar inteqral operator üçün ümumiləşdirmiş və bunun köməyi ilə yeni yaranmaqda olan funksional analiz metodlarını tətbiq edərək Hölder fəzalarında qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat etmişdi. Əşrəf müəllimin sonrakı fundamental nəticəsi açıq kontur üzrə qeyri-xətti sinqulyar inteqral tənliklərə həsr olunmuşdur. Məhz burada o Koşi nüvəli sinqulyar inteqral operatorlara nəzərən invariant olan açıq intervallarda kəsilməz funksiyaların Banax fəzalarını qurmuşdu. Elə bu fəzalar sonralar dünyanın tanınmış riyaziyyatçıları tərəfindən Əşrəf Hüseynov fəzaları adlandırılıb. Onun kəşf etdiyi və adını daşıyan “Hüseynov fəzaları” riyazi fizikanın müxtəlif problemlərinin tədqiqində sonrakı nəsil riyaziyyatçılar üçün bir örnək olmuşdur.
1940-1955-ci illərdə universitetin “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrasının müdiri, 1940-1943-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı olmuşdur. 1944-1948 illərdə ADU-nun Fizika və Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Riyaziyyat bölməsinin müdiri, 1946-1953-cü illərdə akademiyanın Fizika və Riyaziyyat İnstitutunun şöbə müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildə Albaniyanın Tirana Universitetində mühazirələr oxumuş, 1955-1965-ci illərdə ADU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, eyni zamanda Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
SSRİ məkanında riyaziyyat sahəsində yüksək nüfuza malik olan Əşrəf müəllim Moskva, Leninqrad, Novosibirsk, Sverdlovsk və Sovet İttifaqının digər şəhərlərində çalışan tanınmış riyaziyyatçılarla elmi əlaqələr yaradıb, Azərbaycan riyaziyyatçılarının bu mərkəzlərdə elmi tədqiqat işləri aparmasında böyük rol oynamışdır. Məhz onun bu uzaqgörən elmi siyasətinin nəticəsi olaraq, XX əsrin 70-ci illərində Azərbaycanda riyaziyyatın müxtəlif sahələri – ehtimal nəzəriyyəsi, riyazi iqtisadiyyat, optimal idarəetmə nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və digər sahələri sürətlə inkişaf etməyə başladı. Bu mənada akademik Əşrəf Hüseynov Azərbaycanda riyaziyyat sahəsində böyük elmi məktəbin yaradıcılarından biri kimi elm tariximizə daxil olmuşdur.
1965-1970-ci illərdə Akademiyanın Kibernetika İnstitutunun direktoru olmaqla, ömrünün sonuna qədər həmin institutda işləmişdir. O, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1978-ci ildə isə həqiqi üzvü seçilmişdir. Əşrəf müəllim riyaziyyata aid 8 kitabın, 71 elmi əsərin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuş, tələbələrinin çoxu sonralar doktorluq dissertasiyasını müdafiə etmişlər. Akademik Əşrəf Hüseynov 26 avqust 1980-ci ildə vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.