Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Niyaz Məmmədov


Məmmədov Niyaz Mustafa oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, diferensial tənliklər sahəsində mütəxəssis, 1940-cı il oktyabrın birində Şəki rayonunun Küngüt kəndində anadan olmuş, orta təhsilini 1947-1957-ci illərdə Baş Küngüt orta məktəbində almış, məktəbi gümüş medalla bitirdikdən sonra 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1962-1965-ci illərdə ADU-nun “Riyazi-fizika tənlikləri” kafedrasının aspirantı olmuş, 1967-ci ildə Lvov Dövlət Universitetində akademik Məcid Rəsulovun rəhbərliyi ilə “Kontur inteqralı metodunun çoxölçülü oblastda bir parabolik sistem üçün qarışıq məsələnin həllinə tətbiqi” mövzusunda namizədlik, 1995-ci ildə Bakı şəhərində “Parabolik və elliptik tip sistemlər üçün qarışıq sərhəd şərtləri daxilində sərhəd məsələlərinin həlli” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Niyaz Məmmədov Azərbaycan Dövlət Universitetində bir çox vəzifələrdə işləmişdir.

1961-1962-ci illərdə “Ümumi riyaziyyat” kafedrasında laborant, 1965-1967-ci illərdə “Riyazi fizika tənlikləri” kafedrasında assistent, müəllim (1966-cı ildən “Ümumi riyaziyyat” kafedrası “Riyazi fizika tənlikləri” kafedrası adlandırılır), 1967-1970-ci illərdə həmən kafedrada baş müəllim, 1970-1995-ci illər ərzində dosent, 1993-cü ildə “Riyazi fizika tənlikləri” kafedrasının müdiri, 1995-ci ildən həmən kafedranın professoru, 1991-1992-ci illərdə Bakı Dövlət Universiteti Şəki filialının tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. 40-dan çox elmi məqalənin müəllifi olmuş, uzun müddət riyazi-fizika tənlikləri fənnindən yüksək səviyyədə mühazirə oxumuşdur.

Niyaz Məmmədov 1998-ci ildə Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər