13/10/2025
Allahverdiyev Biləndər Paşa oğlu, Operatorlar nəzəriyyəsi, öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsi, Şredinger və Şturm-Liuvill tənlikləri, Dirak və Hamilton sistemləri, sonsuz Yakobi matrisləri və fərq tənlikləri, diskret Dirak və Hamilton sistemləri sahəsində mütəxəssis, 13 oktyabr 1955-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Saraclı kəndində anadan olmuş, 1962-1972-ci illərdə kənd orta məktəbində, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil almışdır.
1978-1982-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, 1982-ci ildə orada akademik Fəraməz Maqsudovun rəhbərliyi ilə “Kəsilməz spektrə malik öz-özünə qoşma olmayan operator-funksiyaların spektral nəzəriyyəsinin məsələləri (01.01.01)” mövzusunda namizədlik, 1996-cı ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Sinqulyar diferensial və digər öz-özünə qoşma olmayan operatorların spektral analizi (01.01.01.)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1977-1980-ci illərdə AEA Kibernetika İnstitutunda, 1980-1992-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda, 1992-1997-ci illərdə İstanbul Texniki Universitetində, 1997-ci ildən indiyə kimi Süleyman Dəmirəl Universitetində çalışır. O, 100-dən çox məqalənin, 5 kitabın müəllifidir. Rəhbərliyi ilə 10 nəfər namizədlik dissertasiyası müdafiə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.