Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları -Nüsrət Sadıqov


Sadıqov Nüsrət Abdulla oğlu 10 dekabr 1927-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Sadıqov Nüsrət 1946-cı ildə 26 Bakı komissarı (indiki Səbail) rayonu 1 nömrəli orta məktəbini bitirib. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1950-ci ildə həmin fakültəni bitirib, fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Sonra təyinatını Mirbəşir (indiki Tərtər) rayonuna alıb, 1950-1954-cü illərdə Evoğlu kənd orta məktəbində fizika-riyaziyyat müəllimi vəzifəsində işləmişdir.

Sadıqov Nüsrət 1954-cü ildə Bakıya qayıdıb və 1956-cı ilədək Bakının Caparidze (Nərimanov) rayonu 40 nömrəli fəhlə-gənclər məktəbində, 1954-1955-ci illərdə Bakı Sənaye Texnikumunda işləyib. 1956-cı ildən 1957-ci ilədək V.İ.Lenin adına APİ-də riyazi analiz kafedrasında baş laborant vəzifəsində işləmişdir. Sadıqov Nüsrət 1957-1960-cı illər ərzində V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda aspirant olmuşdur. O, 1960-1963-cü illərdə APİ-də baş müəllim, 1963-1966-cı illərdə APİ-nin fizika-riyaziyyat fakültəsində dekan müavini, 1966-1993-cü illər ərzində APİ-də “Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası” kafedrasının müdiri və dosent vəzifələrində çalışmışdır.

Sadıqov Nüsrət 1962-ci ildə APİ-nin Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. 29 iyun 1966-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Sadıqov Nüsrət “Elementar riyaziyyat və riyaziyyat tədrisi metodikası” kafedrası üzrə dosent elmi adına, 1977-ci il mayın 13-də isə professor elmi adına layiq görülmüşdür.

Sadıqov Nüsrət 12 kitab (77 çap vərəqi həcmində), 80-dən çox elmi-metodik məqalənin müəllifidir. İbtidai məktəblər üçün riyaziyyatdan yazılmış iki dərsliyi rus dilindən Azərbaycan dilinə tərcümə edib.

Sadıqov Nüsrət 1970-ci ildə Lenin yubiley medalı, sosializm yarışının qalibi döş nişanı və institutun fəxri fərmanı, 1972-ci və 1982-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

N.Sadıqov 1993-cü ildə Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər