Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Bala İsgəndərov


İsgəndərov Bala Ağa Hüseyn oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 21 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə 7 nömrəli orta məktəbi bitirmiş, həmin il ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə köçürülmüş, 1961-ci ildə həmin fakültəni bitirmiş, həmin il BDU-nun aspiranturasına daxil olaraq, elmi işini davam etdirmək üçün Moskva Dövlət Universitetinə ezam olunmuşdur.

O, 1964-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə professorlar A.Q.Kostyuçenko və M.V.Fedoryukun rəhbərlikləri ilə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi (01.01.02)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə Bala İsgəndərov Petrovskiyə görə korrekt tənliklər üçün zamanın böyük qiymətlərinə Koşi məsələsinin həllinin azalmasını təmin edən kafi şərt vermiş və məsələnin həllinin azalma sürətini fəza ölçüsündən asılı olaraq təyin etmişdir. Bu nəticə hiperbolik tip tənliklər üçün məlum olan Hüygens prinsipinin daha geniş sinif təşkil edən Petrovskiyə görə korrekt tənliklər üçün isbatıdır. 1969-cu ildə ona diferensial və inteqral tənliklər ixtisası üzrə baş elmi işçi adı verilmişdir.

Bala İsgəndərov 1994-cü ildə Bakı Dövlət Universitetində “Silindrik oblastlarda elliptik tip tənliklər üçün şüalanma prinsipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, doktorluq dissertasiyasında hiperbolik tənliklər nəzəriyyəsində məlum olmayan iki yeni effekti müəyyən etmişdir. Bu effektlərdən biri silindrik oblastlarda tənliyin tərtibi silindrin uzununa ölçüsündən böyük olduqda rezonans hadisəsinin aşkar edilməsi və bu hala hiperbolik tənlik üçün qoyulmuş qarışıq məsələnin həllinin zamanın böyük qiymətlərində artma sürətinin müəyyən edilməsidir. İkinci effekt rezonans olmayan hallarda hiperbolik tənlik üçün qoyulmuş qarışıq məsələdə limit amplitudu prinsipinin doğru olduğunun göstərilməsi və qeyri-stasionar məsələnin həllinin stasionar məsələnin həllinə yaxınlaşma sürətinin təyin edilməsidir. Bununla yanaşı Bala İsgəndərov fırlanan mayenin rəqslərinin öyrənilməsində alınmış S.L.Sobolev tipli tənliklər üçün çoxölçülü silindrik oblastda qoyulmuş qarışıq məsələni də tədqiq etmiş, həmin məsələnin həllinin varlığını və yeganəliyini isbat etmişdir. Stasionar məsələnin Qrin funksiyasını qurmuş, qeyd olunan qarışıq məsələnin həlli üçün zamanın böyük qiymətlərində asimptotik ayrılışı almışdır.

O, 1996-cı ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1964-2012-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, “Diferensial tənliklər” şöbəsinin müdiri olmuşdur. 1998-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri, bəzi illərdə isə Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının sədri, “Proceedings of Mathematics and Mechaniks of NASA” jurnalının baş redaktorunun müavini, RMİ-nin nəzdində doktorluq dissertasiya şurasının sədr müavini, “Transactions of NASA” jurnalının redaksiya heyətini üzvü, RMİ-nin Elmi Şurasının üzvü, RMİ-nin Ümumi İnstitut seminarının və “Diferensial tənliklər” şöbəsində seminarın rəhbəri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü olmuşdur.

O, 1998-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və Kibernetika fakültələrində ingilis dilində ixtisas kursları aparırdı. 70-dən çox elmi işin və 1 monoqrafiyanın müəllifi olmuş, onun rəhbərliyi ilə 13 elmlər namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) hazırlanmış, 1996-cı və 2001-ci illərdə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Görkəmli riyaziyyatçı alim B.A.İsgəndərov 2012-ci ilin avqust ayında vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər