22/12/2025
Əliyev Nihan Əlipənah oğlu, 22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı il 1-ci Zabrat qəsəbəsi 73 saylı orta məktəbi bitirmiş, 1957-1962-ci illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə riyazi fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə Ukraynanın Lvov şəhərindəki İvan Franko adına Dövlət Universitetində akademik Məcid Rəsulovun rəhbərliyi ilə “Асимптотические представления решений обыкновенных линейных дифференциальных уравнений в случае кратных корней характеристических уравнений и формула разложения матриц-функций по решению спектральной задачи” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1211.01 indeksli diferensial tənliklər üzrə “Ümumi xətti sərhəd şərti daxilində xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həllinin araşdırılması” mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Rauf Hüseynov olmuşdur.
1968-1993-cü illərdə ADU-nun Riyazi fizika və Tətbiqi riyaziyyat kafedralarında işləmiş, 1993-cü ildən 2006-cı ilə qədər İran İslam Respublikasının Təbriz və Tehran universitetlərində çalışmışdır. 2006-cı ildən BDU-nun Tətbiqi analizin nəzəri üsulları kafedrasında işləyir. 2015-ci ildə professor elmi adını almışdır. O, 239 məqalənin müəllifidir, 20-dən çox riyaziyyat üzrə fəlsəfə doktoru hazırlamışdır. Nihan Əliyev xüsusi törəməli tənliklər sahəsində tanınmış mütəxəssisdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.