23/12/2025
Ayda-zadə Kamil Rəcəb oğlu, toplanmış və paylanmış parametrli sistemlərin optimal idarəetmə məsələlərinin nəzəriyyəsi və ədədi üsulları sahəsində tanınmış mütəxəssis, 23 dekabr 1950-ci ildə Qusar rayonunda anadan olmuş, 1967-ci ildə Bakı şəhəri 189 nömrəli riyaziyyat təmayüllü məktəbi, 1972-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Akademik Məcid Rəsulovun elmi rəhbərliyi ilə «Kontur inteqral üsulunun bir tətbiqi barədə» mövzusu üzrə diplom işi müdafiə etmiş, 1975-1976-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuş, 1978-ci ildə Musxelişvili adına Hesablama mərkəzində (Tbilisi) “Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi (01.01.07)” mövzusunda namizədlik (elmi rəhbər – prof. B.T.Polyak, İdarəetmə Problemləri İnstitutu, Moskva), 1989-cu ildə Ukrayna Kibernetika İnstitutunda (Kiyev) “Şəbəkə strukturlu məsələlərin konstruktiv həll üsullarının işlənməsi və onların tətbiqi (05.13.16)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1975-ci ildən müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1992-ci ildə professor elmi adını almış, 2011-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2014-cü ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Kamil Ayda-zadə 1972-ci ildən MEA Kibernetika İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamış, 1972-1974-cü illərdə hərbi xidmətdə olmuş, 1974-1977-ci illər BDU-nun Hesablama Mərkəzində kiçik elmi işçi, sektor müdiri, 1977-1979-cu illərdə EA Kibernetika İnstitutunda sektor müdiri, 1979-1994-cü illərdə «Neftqazavtomat» ETLİ, sektor müdiri, şöbə müdiri, elmi işlər üzrə baş direktorun müavini, 1995-ci ildən Kibernetika İnstitutunda laboratoriya rəhbəridir. 2004-2016-cı illər həm də ADNA-da “Tətbiqi riyaziyyat” kafedrasının müdiri işləmiş, 2016-cı ildən isə BDU-nun “İnformatika” kafedrasının müdiridir, eyni zamanda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində yarım ştat baş elmi işçi vəzifəsində çalışır.
1993-2001-ci illər ərzində Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü, 2016-cı ildə isə sədri, 2001-2008-ci illər Kibernetika institutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvü olmuşdur. 2016-cı ildən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədrlərindən biridir. Avropa Birliyinin xətti ilə beynəlxalq elmi proqramların ekspertidir.
Kamil Ayda-zadənin elmi nəticələr tətbiqinin vacib obyektlərindən biri «Enerji» EİB (akad. S.P.Korolyov adına Konstruktor Bürosu) olmuşdur (1976-1989). Bu obyektdə onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmlər və proqram təminatı işlənmişdir. Xüsusi olaraq, «Soyuz-Apollon» birləşdirmə qovşağının kinematik və dinamik analizi, uçma aparatının trayektoriyasının optimallaşdırılması, aparatda həyat təminedici sistemin hesabatı aparılmışdır. O, 1981-ci ildən dünyada ən böyük Urenqoy və Yamburq qaz-kondensat yataqlarının (1981-1998), «Azərqaznəqliyyat» İB (1986-1995) operativ dispetçer idarəetmə sistemləri yaradılmasının layihələndirmə rəhbəri olmuşdur. İnformatlaşdırma üzrə işlər onun rəhbərliyi altında Azərbaycan dəmir yolunda, «Azal» birliyində, keçmiş Dövlət Əmlak Komitəsində və s. müəssisələrdə aparılmışdır. O, Milli Məclisə seçkilərdə “Seçkilər” kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin TŞVR-nin beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir.
optimallaşdırma, həmçinin toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərinin həlli üçün müxtəlif üsullar işləmişdir. Onun rəhbərliyi altında Azərbaycan dili üçün nitqin və əlyazmanın tanınması, mətnin mənasının anlaşılması üçün intellektual kompüter sistemləri işlənilmişdir.
Kamil Ayda-zadə 3 kitabın və 500-dən çox elmi işin müəllifidir, onlardan 300-ü xaricdə, o cümlədən 60-ı impakt faktorlu jurnallarda dərc edilmişdir. O, 7 jurnalın redaksiya heyətinin üzvüdür, onlardan 3-ü beynəlxalqdır. Bir çox beynəlxalq konfransların təşkilat komitəsinin üzv olmuşdur. Elmi rəhbərliyi ilə 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. Elmi məktəbinin nümayəndələri 10-dan çox müsabiqələrdə mükafatlara və qrantlara (CRDF, İNTAS, EİF) layiq görülmüşlər.
Kamil Ayda-zadə 1985, 1988, 2001-ci illərdə yüksək elmi nailiyyətlərə görə SSRİ Cihazqayırma Nazirliyinin, MEA-nın fəxri fərmanları, 2007, 2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin diplomları ilə təltif edilmiş və müsabiqələrin qalibi olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.