29/12/2025
Şahbazov Əlifəttah Əlibaba oğlu, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 1934-cü il dekabrın 29-da Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuş, 1943-1953-cü illərdə Maştağa qəsəbə 128 saylı orta məktəbdə, 1953-1958-ci illərdə ADU-nun “Fizika-riyaziyyat” fakültəsində təhsil almış, 1958-ci ildə ADU-nun aspiranturasına qəbul olmuş və elmi işlərini davam etdirmək üçün Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna ezam olunmuşdur. Onun elmi rəhbəri professor B.V.Qnedenko 1960-cı ildə Moskva Dövlət Universitetinə ezam olunduğuna görə Əlifəttah Şahbazov da elmi işini davam etdirmək üçün həmin ildən Moskva Dövlət Universitetinə ezam olunmuşdur. 1962-ci ildə MDU-da professor B.V.Qnedenkonun rəhbərliyi ilə “О некоторых задачах теории массового обслуживание” mövzusunda namizədlik, 1991-ci ildə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunda “Асимптотические и экстремальные свойство неоднородных моделей обслуживание сложных систем” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildə ona professor elmi adı verilmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Hesablama mərkəzində başlamış, 1969-cu ilə qədər eyni zamanda həmin universitetin “Funksional analiz” kafedrasında dosent, 1973-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda şöbə müdiri, 1975-1980-ci illərdə MDU Jukоvski adına Aviasiya İnstitutunda, 1993-2008-ci illərdə Türkiyənin “19 mayıs” Universitetində professor vəzifələrində çalışmışdır. O, 157 məqalə, 2 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 14 nəfər namizədlik və 4 nəfər doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əlifəttah Şahbazov 2008-ci ildə vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.