“İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilmişdir

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilmişdir.

Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Professor “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n, dos. Raisa Kazımovanı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən elmi və marifçilik xidmətlərinə görə  “Dahi Yekaterina” ordeni ilə təltif olunması münasibəti ilə kollektivimiz adından təbrik etmiş və alimə fəaliyyətində uğurlar arzu etmişdir.

Sonra Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzə etmişdir.
Məruzədə iterativ Xardi tipli bərabərsizliklər barədə danışılmışdır. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Xardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stieltes çevirməsinin çəkili Lebeq fəzalarında məhdudluğunun öyrənilməsində və bixətti Xardi bərabərsizliklərinin xarakterizə edilməsində rolu müzakirə edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Görkəmli alim, hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur

Oktyabrın 25-də görkəmli alim, qayğıkeş müəllim, təvazökar və hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur.

Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndin­­də zi­­yalı ailəsində anadan olmuş və boya-başa çatmışdır.

Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində al­mış, V-VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta mək­təbin­də oxumuşdur. O, 1930-cu ildə Bakı İnternasional Peda­qoji Texnikumuna daxil olmuş və 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədə­bəy rayonunun Xar-xar kənd natamam orta məktəbinə fizika və ri­ya­ziy­yat müəllimi təyin olunmuşdur.

Qoşqar Əhmədov kənddə bir il müəllimlik etdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzdindəki hazırlıq kursunda oxumuşdur. O, 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə və Tibb İnstitutuna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi).

Qoşqar Teymur oğlu Əhmədov 1941-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kül­təsini fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. Ali təhsilini başa vurduqdan sonra-1941-ci ildə Böyük Vətən müharibəsində iştirak etmişdir. O, 1942-ci ildə Hərbi Akademiyanı bitirmişdir.

Qoşqar Əhmədov 1946-cı ildə ordu sıralarından tərxis olunandan dərhal sonra Azərbaycan Dövlət Universitetinə işə bərpa olunur, Funksiyalar nəzəriyyəsi və cəbr kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olur.

29 yaşlı Qoşqar Əhmədov 1946-cı ilin oktyabrında universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilir. 1947-ci ilin sentyabrında həmin fakültənin dekanı vəzi­fə­­sinin icrası Qoşqar Əhmədova tapşırılır.

Həmin illər o, universitetin və Fizika-riyaziyyat fakül­təsinin təşkilati işləri ilə yanaşı, elmi-tədqiqat işləri ilə də ciddi məşğul olur.

1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin El­mi Şurasında, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun rəh­bər­liyi ilə “Bəzi qeyri-xətti inteqral tənliklərin araşdırılması (təd­qiqi)” mövzusunda namizədlik dissertasiyası müdafiə edə­rək fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə dok­toru) elmi dərəcəsini almışdır.

1956-1958 illərdə Moskva Dövlət Universitetində doktoranturada olmuş, 1960-cı ildə “Operatorların və operator-diferensial tənliklərin analitik nəzəriyyəsi”  mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

O, 1946-cı ildən etibarən Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır. 1958-ci ildən ömrünün sonuna qədər  universitetin Mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının müdiri vəzifəsində çalışmış, müxtəlif illərdə həmin fakültənin dekanı, universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir. Müxtəlif illərdə  o, Fizika və riyaziyyat və Mexanika və riyaziyyat fakültələrinin dekanı olmuşdur. 1961-ci ildə professor adına layiq görülmüşdür .

Qoşqar Əhmədov 1969-cu ildə Azərbaycanın SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, uzun illər “Adi diferensial tənlikər” kursundan mühazirələr oxumuşdur. 1960-ci illərin əvvəlindən o, eyni zamanda həmin dövr üçün yeni olan “Optimal idarəetmənin riyazi üsulları” sahəsi ilə məşğul olmuşdur. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanda “Optimal idarəetmə məktəbi” yaranmışdır. 1971-ci ildə Qoşqar Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərində “Optimal idarəetmənin riyazi üsulları” mövzusunda Ümum ittifaq Elmi Konfransı keçirilmişdir. Bu konfrans ölkəmizdə elmin həmin sahəsinin yüksək inkişafına səbəb olmuşdur. O, Orta Asiya respublikaları üçün riyaziyyatçı kadrların hazırlanmasına böyük əmək sərf etmiş, vaxtaşırı həmin ölkələrin universitetlərində mühazirələr oxumuşdur.

Qoşqar Əhmədov Moskva “Riyaziyyat” cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik Şuranın, Azərbaycan Dövlət Universitetinin böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin, Azərbaycan EA-nın, Ri­yaziyyat və Mexanika bölməsi üzrə çıxan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin, V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Univer­sitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının üzvü olmuşdur.

1970-ci il iyunun 4-də Qoşqar Əhmədov ikinci dəfə Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

Professor Qoşqar Əhmədovun rəhbərliyi ilə onlarla alim namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər.

O, 1975 – ci ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi dünya şöhrətli riyaziyyatçı alim, bacarıqlı elm təşkilatçısı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun xatirəsini daim dərin hörmətlə anır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Müəllimim Qoşqar Əhmədov” adlı kitab çap olunub

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir.

Kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olunmuşdur. Çox saylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa, lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumat verilmişdir.

Kitabdan elm və təhsil tarixi, xüsusən Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin və ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul olan mütəxəsisslər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

25.10.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə iterativ Xardi tipli bərabərsizliklər barədə danışılacaq. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Xardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stieltes çevirməsinin çəkili Lebeq fəzalarında məhdudluğunun öyrənilməsində və bixətti Xardi bərabərsizliklərinin xarakterizə edilməsində rolu müzakirə ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA ilə Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə akademik İ.Quliyev AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, Azərbaycanda Clarivate Analytics şirkətinin Web of Science məlumat bazasının istifadəçilərinin sayı tədricən artır, iki təşkilat arasında mövcud əməkdaşlıq daha da genişlənir. Yaradılan imkanlara görə təşkilat rəhbərliyinə minnətdarlığını bildirən alim AMEA-nın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki fəallığını müəyyən etmək məqsədilə statistik göstəricilərin təqdim edilməsini təklif edib.

Sonra baş direktor Viji Krişnan çıxış edərək birgə əməkdaşlığın hər iki tərəf üçün geniş perspektivlər yaratdığını qeyd edib. Qonaq bildirib ki, görüşün əsas məqsədi Web of Science elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir. Təşkilat tərəfindən alimlər üçün nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr qaydalarını izah edən master-klassların təşkil olunduğunu deyən V.Krişnan gələcəkdə bu kimi təlimlərin AMEA-nın gənc alimləri üçün də keçiriləcəyini vurğulayıb.

Tərəflər patentlərin alınması, müəllif hüquqlarının qorunması, elmin kommersiyalaşdırılması, elmi nailiyyətlərin istehsalatda tətbiqi kimi vacib məsələləri də müzakirə ediblər.

Görüşdə, həmçinin Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov, Clarivate Analytics agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

Mənbə:www.science.az

Dissertasiya şurasının iclası keçiriləcək

27 oktyabr 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Şakir Şıxı oğlu Yusubovun “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər və 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisaslarında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında keçiriləcək.

Təqdim edilmiş dissertasiyanın avtoreferatına baxmaq üçün aşağıdakı linkə keçid edin: http://www.imm.az/avtoref/2017/27.10.2017_Shakir_Yusubov.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.