Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (II hissə)


Tusinin elmi irsinin araşdırılması haqqında. N.Tusinin elmi irsi özünün müasirləri və sonrakı alimlərin daim diqqət mərkəzində olmuşdur. Artıq XIII əsrin sonu, XIV əsrin birinci yarısında yaşamış, Təbrizdə monqol xanları Qazan və Olceytunun saraylarında işləmiş Nizam əd-Din əl-Həsən ibn Mühəmməd ibn Hüseyn əl-Ərac əl-Qummi ən-Nisaburi Tusinin astronomiya, həndəsə, fəlsəfə sahəsində əsərlərinə şərhlər yazmışdır. Onun “Təsanif sultan əl-hükəma vəl-mühəqqiqin Xacə Nəsir əd-Din Mmühəmməd ibn Mühəmməd ət-Tusi, qüdisə qəbruhu” (“Müdriklər və mühəqqiqlərin sultanı Xacə Nəsir əd-Dinin (qəbri müqəddəs olsun!) [əsərlərinin] təsnifi”) kitabı N.Tusinin əsərlərinin təsnifinə həsr edilmişdir. Mühəmməd ibn Əli ibn əl-Hüseyn əl-Himazi (XIII əsrin II yarısı), Əlişah əl-Xarəzmi (1226-1300), Əli əl-Cürcani (1340-1413), Mühəmməd əl-Cürcani (vəfatı 1414), Cəmşid əl-Kaşi (vəfatı 1430), Qazızadə ər-Rumi (1360-1437), Əli Quşçu (Əla əd-Din ibn Mühəmməd əl-Quşçu) (vəfatı 1474), əl-Həqq ibn Əbu İshaq (XV əsrin sonu) və s. alimlər fərqli zamanlarda N.Tusinin müxtəlif əsərlərinə müraciət etmiş, onlara şərhlər yazmışlar. Yuxarıda söylədiyimiz kimi, orta əsrlərdə N.Tusinin əsərləri avropa dillərinə tərcümə edilmişdir.
Son dövrlərə gəldikdə, keçən əsrin ortalarından başlayaraq keçmiş SSRİ məkanında, o cümlədən respublikamızda N.Tusinin və digər klassiklərin elmi irsinin araşdırılması, onların əsərlərinin tərcüməsi geniş vüsət almışdır. Məşhur riyaziyyatçı və elm tarixçisi A.P. Yuşkeviç yazırdı: «Над вопросами истории так называемой арабской математики работали М.У. Гашимзаде, Ф.А.Касумханов, Г.Д. Мамедбейли, Б.А. Розенфельд, Р.М. Султанов, З.И. Халилов в Баку, Т.Н. Кары-Ниязов в Ташкенте, Х.У.Садыков в Сталинабаде (Душанбе)» . Haqlı olaraq Həbibulla Məmmədbəyli Azərbaycanda N.Tusi irsinin ilk araşdırıcısı və təbliğçilərindən biri sayılır. 1952-ci ildə o, B.A. Pozenfeldlə birlikdə “Şəkl əl-qitə” əsərini tərcümə edərək rus dilində «Трактат о полном четырехстороннике (Шаклул гита)» adlı kitab şəklində nəşr etdirmişlər. Qeyd edək ki, kitabın ön sözünün müəlliflərindən biri mərhum akademik Zahid Xəlilovdur. H.C. Məmmədbəyli 1966-cı ildə «Основатель Марагинской обсерватории Насиреддин Туси» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, elmi araşdırmalarında tutarlı dəlillər əsasında bəzən avropa alimlərinin adları ilə bağlanan kəşflərin məhz şərq alimlərinə aid olduğunu, N.Tusi və digər şərq alimlərinin elm tarixində layiq olduqları məqamı göstərmişdir. Bu faktlar adı çəkilən monoqrafiyada geniş şəkildə öz əksini tapmışdır. H.C.Məmmədbəylinin elmi araşdırmaları ilə xülasə şəklində, məsələn, [7]-də tanış olmaq olar.
Respublikamızda N.Tusinin riyazi irsinin tədqiqinin ikinci mərhələsi 13 iyun 2000-ci il “Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” ilə bağlıdır. Bundan sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunda Əli Babayevin rəhbərliyi altında “Azərbaycan riyazi irsinin tətqiqi” şöbəsi fəaliyyətə başlamışdır. Bu müddət ərzində əməkdaşlarımızdan Əmirşah Əmirəhmədov və Eminağa Məmmədov “Cami əl-hesab bit-təxt vət-turab” əsərini azərbaycan, Əmirşah Əmirəhmədov, Əli Babayev, Eminağa Məmmədov, Valeriya Məclumbəyova rus dilinə, Eminağa Məmmədov “Ər-risalə fil-cəbr vəl-müqabələ” əsərini azərbaycan dilinə, Səriyyə İbrahimova “Kitab əl-məfrudat” əsərini azərbaycan, Əli Babayev və Valeriya Məclumbəyova isə rus dilinə, Eminağa Məmmədov “Təcrid əl-məntiq” əsərini tam şəkildə (2015-ci ildə isə Əli Əliyev rus dilinə) və “Təcrid əl-etiqad” əsərinin kəlam hissəsini azərbaycan dilinə uyğun şərh və izahlarla tərcümə etmiş, 2010 və 2014-cü illərdə N.Tusinin xatirəsinə həsr edilmiş beynəlxalq konfranslar keçirilmiş, şöbənin əməkdaşları mütəmadi olaraq respublikadaxili və xarici ölkələrdə, o cümlədən Sankt-Petrburq, Tehran, Dərbənd, Moskva və s. kimi şəhərlərdə təşkil edilmiş beynəlxalq elmi konfranslarda iştirak etmiş, tezis və məqalələr çap etdirmişlər. Bundan əlavə 2001-ci ildə N.Tusinin Evklidin “Əsaslar” kitabına şərhlərindən ibarət “Təhriri Öqlidis” əsəri azərbaycan dilində işıq üzü görmüşdür. Kitabın konkret hansı əlyazma əsasında tərcümə edildiyi bizə məlum deyil. Çox böyük ehtimalla tərcümənin 1881-ci ilə Tehran əlyazamsı əsasında aparıldığını söyləmək olar. Kitabın nəşri zamanı tərcüməci – mərhum Həsən Zərrinəzadə sağ olmadığı üçün tərcümənin islahı ilə bağlı ağırlıqları redaktorlar Əyyub Quliyev və Əli Babayev öz üzərinə götürmüşlər.

Davamı var…

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər