Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (V hissə)


Tusi haqqında təzadlı fikirlər. N.Tusinin islam dünya­sı­nın yetişdirdiyi ən parlaq zəka sahiblərindən biri olması şübhəsizdir. Məzhəb etibarı ilə o, şiə olmuş və şiə məz­həbi­nin əsaslarının nizama salınmasında əvəzsiz rol oyna­mış, böyük siya­si fəaliyyətlə məşğul olmuşdur. Bununla da o, müxalif mövqedə duran çoxlu şəxslərin qəzəbinə, haqsız tən­qid­­lərinə, hətta iftiralarına məruz qalmışdır. Şiə aləminin bütün, islam dün­ya­sının isə əksər nümayəndələri N.Tusinin şəxsiyyətinə, siyasi və elmi fəaliyyətinə yüksək qiymət vermiş, ona hörmətlə yanaş­mış­lar. Məsələn, sünni  məzhəbinin alimlə­rin­dən Mühəmməd ibn Şakir, Sədəfi və başqaları Tusinin Bağ­dad alınarkən müsəlman­lara böyük xeyri dəydiyini söylə­yir­lər.

Əhli-hədis və əhli-sünnə­nin radikal nümayəndələri isə Tusi barəsində çox kəskin fikirlər söyləmişlər. Diqqət edilərsə, belə  fikirlərin müəlliflərinin ya Tusi­nin baxışları ilə tanış olmadığı, ya da məsələdə qərəzli mövqe tutduqları aydın olur. Rəzəvinin adı çəkilən kitabından bir neçə nümunə ilə kifayətlənmək istərdik. ([1], səh. 43-45 və [8], səh. 70-71)[1].

Şeyx Təqiəddin Əbülabbas Əhməd ibn Teymiyyə (qeyd edək ki, sonralar yaranmış vəhhabilik ideyası ibn Teymiyyədən çox təsirlənmişdir) nüseyrilər haqqında risaləsində yazır: “Nüseyri adlanan tayfa, eləcə də qərmətilər və batinilər yəhudi və xristi­an­lardan da kafirdirlər… Bu tayfa daim islamın düşmənləri ilə dost və əlbir olmuşdur. Onlar üçün ən böyük müsibət müsəl­man­ların tatarlar üzərində qələbəsi olardı. Onların köməyi və yardımı olmasaydı, tatarlar islam ölkələrinə daxil olmaz və xəlifəni öldürməzdilər. Onların öndəri və başçısı Nəsirəddin Tusi idi ki, Ələmutda mülhidlərə vəzirlik etmişdir. Hülakunu xəlifənin ölümünə təhrik edən də odur. Bu tayfa bir neçə adla tanınır, o cümlədən, mülhidlər, qərmətilər, ismaililər, nüsey­rilər, xürrə­milər, mühəmmərilər. Böyük dini rəhbərlər onlar barədə belə demişlər: onların məzhəbinin zahiri rafizilikdir, bati­­ni isə xalis küfrdür. Onların əqidəsinin mahiyyəti və batini budur ki, heç bir peyğəmbərə inanmırlar, Nuhu, İbrahimi, Mu­sa­nı, İsanı və Mühəm­mədi tanımırlar…”

İbn Teymiyyənin şagirdi ibn əl-Qəyyum əl-Cəuziyyə (1292-1350) isə “İğasətul-lahfan min məkayidiş-şeytan” əsərində daha da irəli gedərək ya­zır: “Növbə müşriklik və küfrün nəsiri (yardımçısı), mülhid, mülhid­lərin vəziri, Hülakunun vəziri Nəsir Tusiyə çatanda, o özünü peyğəmbərin ardıcıllarından və onun dininin davamçıla­rın­dan kənara çəkib onları qılınca verdi, hətta mülhidlərdən də uzaqlaşdı ki, özünü təmizə çıxarsın. Və o, xəlifəni, qazıləri, fəqih­ləri, mühəddisləri qətlə yetirib filosofları, ixvaniləri, münəc­cimləri, materialistləri və sehrbazları qabağa çəkdi. Məd­­rəsələrin, məscidlərin və karvansaraların əmlakını onların ixtiyarına verdi və onları öz yaxın adamlarına çevirdi. Və o, öz kitablarında aləmin əzəliliyini irəli sürdü, qiyaməti rədd etdi. Rəbbin elm, qüdrət, dirilik, eşitmə və görmə kimi sifətlərini in­kar etdi. … və mülhidlərin imamı İbn Sinanın “İşarat”ını Quranın yerinə qoy­maq istədisə də, buna gücü çatmadı. O deyirdi: “Bu, seçilmişlərin Quranıdır, o isə kütlənin Qura­nı­dır”. Və namazı dəyişdirib iki namaz etmək istədi, amma bu işi axıra çatdıra bilmədi. Nəhayətdə sehrbazlıq öyrənib bütlərə pərəstiş edən sehrbaza çevrildi. Mühəmməd ibn Əbdülkərim Şəhristani “Kitab əl-müsari’” adlı əsərində İbn Sinanın əleyhi­nə çıxaraq, onun aləmin əzə­li olmasına, qiyamətin inkarına, Rəbbin elm və qüdrətinin, Onun aləmi xəlq etməsinin rəddinə dair fikirlərini batilə çıxardı. Və küfrün yardımçısı [Tusi] isə “Məsari’ əl-müsari’” adlı kita­bın­da ona [Şəhristaniyə] qarşı çıxdı. Həmin kitabda bildirdi ki, Allah-təala göyləri və yeri altı günə yaratmayıb; O nə bir şey bilir, nə də öz qüdrəti və ixtiyarı ilə bir şey edir və heç kəs qəbir­dən ayağa qalxmayacaq”.

– Sübki “Təbəqatüş-şafeiyyətül-kübra” adlı kitabında yuxarı­da­kıları xatırladıb, Tusini “aşkar şeytan” adlandırır və onu xəli­fənin – Peyğəmbərin (s.s) əmisi oğlunun, yəni Abbasi xəli­fə­sinin qətlinin günahkar və səbəbkarı hesab edir.

Bu irad və tənqidlər barəsində bir neçə söz demək istərdik. Sonuncu Abbasi xəlifəsinin ölümü ilə bağlı aşağıdakı fikir geniş yayıl­mış­dır: Peyğəmbərin qohumu və varisi olduğu üçün, xəlifə öldürüləcəyi təqdirdə yer üzərində fəsadlar, dağıntılar,

zəlzələ­lər baş verəcəyi ilə bağlı Hülaku xanın müşa­virləri müxtəlif fikirlər söyləyərək, onu xəlifəni öldürməkdən çəkindirməyə çalışmışlar. Hülaku xan isə Tusiyə müraciət etmişdir. Tusi də xəlifələrin öldürülməsi, taxtdan endirilərək qətl edilmələri ilə bağlı tarixi faktlar gətirmiş, lakin heç bir fövqəladə hadisənin baş vermə­di­yi­ni söyləmiş, Hülaku xanı bu işə təhrik etmişdir. Guya monqollar xəlifəni xalçaya büküb, o qədər döymüşlər ki, xəlifə ölmüşdür (başqa bir rəvayətə görə çaya atmışlar). Fikrimizcə, bun­ların heç biri ağlabatan deyil:

– Hülaku xanın məsləhət üçün Tusiyə müraciətinə gəldikdə, sözsüz ki, Hülaku xan Tusinin, xüsusən dövlət idarəçiliyi, maliy­yə məsələləri, astronomiya – nücum ilə (səhra və düzəngah­lar­da yaşayan, özlərini göylərin övladları hesab edən bir xalqın nüma­yəndəsi üçün bunu təbii hesab etmək olar) bağlı fikirlə­ri­nə önəm vermişdir. Ancaq xoşumuza gəlməsə də, yad­dan çıxarmamalıyıq ki, XIII əsrdə monqol qoşunları istədikləri ölkə­ni, diyarı fəth etmiş, dünya xəritəsindəki sərhədləri silmiş, onlara müqavimət gös­tə­rən hansısa real bir qüvvə tanımamış­lar. Bu müdhiş fatehlər sanki müxtəlif ölkələri qılıncları və atları ilə deyil, yalnız bir baxış­ları ilə fəth edirdilər. Hansısa baş­qa bir mədəniyyətin nümayəndəsinin onları bu fatehlik düşün­cəsindən yayındıra, yaxud atacağı addımlarda şübhəyə sala biləcəyi fikri absurd görünür. Bu düşüncə, yəqin ki, sırf monqol fenomenidir. Hətta Hülaku xan vəfat etdikdən sonra, onun oğlu Abaqa xan varis olmasına baxmayaraq, onu hakim olmağa razı salmaq mümkün olmadıqda, Tusiyə müraciət edil­miş, nücumun əsasında onu hakimliyə razı salmışdır. Mə­gər bu monqolların hökmdarlıqdan çox fatehlik arzularının göstəricisi deyilmi?! Yəqin ki, belə üsulla monqolları öz fikir­lə­­rin­dən yayındırmaq mümkün olsaydı, çinlilər öz impera­tor­la­rı haqqında daha əsrarəngiz sözlər söyləyərək, onları Çinin isti­la­sından daşındırardılar.

– Xəlifənin peyğəmbərin qohumu və onun xəlifəsi olmasına gəl­dikdə, Tusi şiə olduğu üçün bütün əqidəsi ilə dini və mül­ki haki­miy­yətin peyğəmbərin övladlarına aid olduğu qəna­ətində olmuş, buna görə də, o, Abbasi xəlifələrinin hakimiyyətini qey­ri-qanuni hesab etmişdir.

– Xəlifənin qanının yer üzünə tökülməməsi ilə bağlı fikrə gəl­dikdə, burada da yaddan çıxarmaq olmaz ki, monqollar özləri­nin ən məşhur fateh və döyüşçülərini də öldürərkən, elə ölüm üsulu seçmişlər ki, onların qanı yer üzərinə tökülməsin. Bu ba­xımdan, xəli­fə­nin belə üsulla öldürülməsi monqolların islam xə­li­fəsinə, tarixinə, səltənətinə hörməti kimi də qəbul edilə bilər.

İstənilən halda, monqol düşüncəsinə varmadan, onların tari­xi sənədlərini araşdırmadan, yalnız yabançı xalq və mədə­niy­yətə mənsub tarixçilərin yazıları əsasında bu hadisələrə obyek­tiv qiy­mət vermək düzgün olmaz.

N.Tusinin fərqli düşüncə sahiblərinə münasibətinə gəldik­də isə, gördüyümüz kimi, Tusinin müəllimləri arasında təkcə şiə alimləri deyil, digər məzhəblərin nümayəndələri də olmuşdur. Bun­dan əlavə, o, təkcə dini deyil, başqa elmlər sahəsində də geniş axtarışlar aparmış, islamdan kənar fikir sahiblərinin elmi irsi ilə yaxından tanış olmuş, onların əsərlərini öyrənmiş, insan düşün­cəsinin müxtəlif spektrləri ilə rastlaşmışdır. Yəqin ki, buna görə də Tusinin əsərlərində digər məzhəb nümayəndələ­ri­nə dözümlü yanaşmanın, yalnız elmi xarakterli irad və etiraz­la­rın şahidi oluruq. Rəzəvi yazır: “Tusi şiəliyin yayılmasına ça­lış­sa da, dili və qələmi ilə imamı məzhəbinin inkişafına səy gös­tərsə də, bütün is­lam firqələri ilə mehriban münasibət saxla­yırdı, imkanı daxilində bütün müsəlmanların qarşılaşdığı prob­lemləri həll edirdi və daim quru təəssübkeşlikdən uzaq gəzirdi, haqqın və həqiqətin tərəfində dayanırdı.” ([1], s. 45).

Digər bir nümunə kimi, söyləyək ki, radi­kal din xadimlərinin irfan (təsəffüf) əhlinə – sufilərə müna­sibəti kəskin olmuş­dur. Mənsur əl-Həllac, Nəsimi və s. kimi məş­hur sufi nüma­yəndələri küfrdə günahlandırılaraq öldürül­müşlər. N.Tusinin irfana baxışına gəldikdə isə, onun mövqeyi tam fərqli olmuşdur. Rəzəvi Tusinin “Əvsaf əl-əşraf” əsərindən aşa­ğı­dakı sitata müraciət edir  : [Tusi] onların [sufiləri küfrdə günahlandıranların] fikirlərinə aşağıdakı kimi etiraz edir: “Tövhid şeyin bir (vahid) tutul­masıdır. İttihad isə onun [şeyin] birə (vahidə) çevrilməsidir. [Allah] “Allahdan başqasını ilahi qərar vermə!”, başqa bir yerdə isə “Allahdan başqa ilahi çağırma” söyləmişdir. Belə­liklə, tövhiddə ittihada xas olan təkəllüfdəki qoşmalıq yoxdur. O, [sufi] batini əqlindən süzülərək vəcdə gəlmiş mütləq töv­hi­də yetişmişsə, əbədi olaraq Ondan başqa heç bir şeyə diqqət etmir, nəticədə ittiahada yetişir. [Beləliklə,] ittihad heç də dar düşüncəli insanların qatışdırdığı kimi bəndənin Allahla birləş­məsi (ittihadı) deyil. Allah bundan çox uca və böyükdür! Ək­sinə, hamının Ona məşəqqətsiz bəsirət gözü ilə baxmasıdır, … [elə bir məqama çatmaqdır ki, başa düşsün ki,] Ondan başqa hər şey Ondandır, bütün hər şey vahiddir. Necə ki, insan Təa­lanın təcəlliayat nuru ilə bəsirətə yetişir, Ondan başqasını görmür, heç bir şeyi idarə etmir, heç bir şeyə diqqət və nəzər etmir. Nəticədə, hər şey çevrilib vahid olur.

Mənimlə Sənin ayrılığındandır ki,

özlüyüm məni özümdən qoparır,

Öz fəzilətinlə mənim özlüyümü

bu ayrılıqdan qurtar (qoru)!”

söylədikdə əl-Hüseyn ibn Mənsur əl-Həllacın duası müstəcəb olmuş, onun həqiqiliyi (özlüyü) aradan getmiş, o elə bir dərəcə­yə çatmışdır ki, “Mən eşqin özüyəm, eşqin özü mənəm!”[2] söy­ləyə bilmişdir. Beləliklə, “mənəm Həqq”, yaxud “sübhan olsun mənə!

Dərvişlərə münasibətə gəldikdə isə, N.Tusinin onları müs­bət qəbul etmədiyi söylənir. Qələndəriyyə dərvişlərini gö­rən Hüla­ku xan Tusidən onların kimliyi haqqında soruşduqda, “dün­­ya­nın ar­tıq (lazımsız) ünsürləri” cavabı vermişdir. Yə­qin ki, bu da N.Tusinin “ayıq irfan”, yəni irfanda “trans” deyil, in­tellektual isti­qa­mətin tərəfdarı olmasının, ya da irfanın yük­sək intellektual şəxslərin məşğuliyyəti olduğunun göstəricisidir.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər