Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mirzə Hüseyn Əfəndi Qayıbzadə öz əmək haqqı hesabına neçə azərbaycanlını oxutmuşdu və onların arasında kimlər var idi?


– Mirzə Hüseyn Əfəndi Qayıbzadə öz əmək haqqı hesabına neçə azərbaycanlını oxutmuşdu və onların arasında kimlər var idi?

O, məvacibinin əsas hissəsini azərbaycanlıların təhsil almasına sərf edirdi. Belə ki, 5 il ərzində o, öz hesabına 43 nəfər azərbaycanlı seminaristi oxutmuşdu. Onların arasından Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Teymurbəy Bayraməlibəyov kimi Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri çıxmışdı.

– Mirzə Hüseyn Əfəndi Qayıbzadə Seyid Əzim Şirvaniyədə kömək etmişdir?

Böyük Azərbaycan şairi Seyid Əzim Şirvani 1879-cu ilin iyul ayında “siyasi etibarsızlıq” üzündən işdən çıxarılanda Tiflisdə Mirzə Hüseyn Qayıbzadənin yanında olmuşdu. Şairin müəllimliyə qaytarılmasına şəxsən Qayıbzadə kömək etmişdi. Seyid Əzim Şirvani 1876-cı ildə Mirzə Hüseyn Əfəndi Qayıbzadəyə həsr etdiyi səksən dörd misralıq qəsidəsində onu məktəb bina edən peyğəmbər adlandırırdı:

Hüseyn namında çün məşhur idi imdada yetməklik,

Vilayət mülkünün şahı, “Vəliyyü-innama” gəldi.

– Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat yoldaşı və qızları haqqında nə bilirsiniz?

Şəriətin qara qanunlarının hökm sürdüyü vaxtda həyat yoldaşı Səadət xanım “Qafqaz Qadınları Xeyriyyə Cəmiyyəti”ndə iştirak edirdi, qızları Nigar və Gövhər rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxumuşdu. Həmin institutu Nigar xanım Qayıbova (Şıxlinskaya) 1889-cu ildə, Gövhər xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirmişdi.

Gövhər xanım Qayıbova indiki M.F.Axundov adına Azəbaycan milli kitabxanasının əsasının qoyulmasında yaxından iştirak etmişdir.

– Mirzə Hüseyn Əfəndi Qayıbzadənin ölümü münasibəti ilə Tiflis və Bakı quberniyalarında təhsil müəssisələrində dörd gün dərslərin dayandırılması əmrini kim vermişdir?

1917-ci ilin fevralın 21-də Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov. Qori şəhərindəki seminariyanın şagirdləri də Tiflisə gətirilib ki, Mirzə Hüseyn Əfəndi Qayıbzadənin son mənzilə yolasalma mərasimində iştirak etsinlər.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər