Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Firidun bəy Əhmədağa oğlu Köçərli (1863-1920) kimdir?


Firidun bəy Əhmədağa oğlu Köçərli 1863-cü ilin yanvar ayının 26-da Şuşada anadan olmuşdur. 1872-ci ildə Mirzə Kərim Münşizadənin məktəbinə daxil olub, fars dilini öyrənmişdi. Müəllimi 1875-ci ildə onu rus məktəbinə qoymuşdu. Sonra o, xoş bir təsadüf nəticəsində Aleksey Osipoviç Çernyayevski ilə rastlaşmışdır. Firidun bəy Köçərli 1879-cu ildə Qori Seminariyasının hazırlıq şöbəsinə daxil olmuş və 1885-ci ildə oranı bitirmişdir.

O, 1895-ci ildə Qori Müəllimlər Seminariyasına işləməyə dəvət almış, şəriət və ana dili dərslərini tədris etmiş və bu dərslərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını uşaqlara öyrətmişdir. O, Azərbaycan ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı olmuşdur. Onun rus dilində yazdığı və 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi “Azərbaycan tatarlarının ədəbiyyatı” əsəri milli ədəbiyyat tarixinin yaradılmasında ilk mənbə kimi mühüm əhəmiyyətə malikdir. Bu əsərin Azərbaycan dilində təkmilləşdirilmiş variantı olan “Azərbaycan türklərinin ədəbiyyatı” (1908) tədqiqatı milli ədəbiyyat tariximizi bütöv şəkildə əhatə edir. Bu əsər Firidun bəyin ölümündən sonra ilk dəfə “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1925-1926) adı ilə iki cilddə nəşr olunmuşdur. Onun “Balalara hədiyyə” (1912) kitabı, “Azərbaycan ədəbiyyatı tarixi” kimi fundamental əsərləri pedaqoji və ədəbi fikrimizi zənginləşdirən dərin tədqiqat əsərləridir.

Sultan Məcid Qənizadədən sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə inspektor vəzifəsinə Firidun bəy Köçərli təyin olundu. O, bundan əvvəl 10 il İrəvan gimnaziyasında müəllimlik etmişdi. O, İrəvanda yaşadığı illərdə maarif məsələlərinə aid məqalələr yazmış, Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türki” adlı dərslik tərtib etmiş, “Təlimatı-Sokrat” (1891) adlı fəlsəfi əsərini çap etdirmişdir. O, seminariyanın Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi uğrunda gedən mübarizənin öncüllərindən biri olmuşdur. O, 1918-ci ildə öz məqsədinə nail olmuş, şöbənin Qazağa köçürülmə işlərini bilavasitə özü həyata keçirmişdir. O, Qazax seminariyasının direktoru olmaqla işini bitmiş hesab etmədi, yaşlılar üçün kurs açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fondu yaratdı.

Xalqının savadlanması yolunda hər cür fədakarlığa hazır olan böyük maarifçi Firidun bəy Köçərli 1920-ci ildə Gəncədə erməni millətçiləri tərəfindən öldürüldü.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər