Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əziz Sancarın ona Nobel mükafatı qazandıran kəşfləri: Mexanik DNT Bərpası


İsveç Kral Elmlər Akademiyası 2015-ci il kimya üzrə Nobel mükafatına isveç və amerikalı iki alimlə yanaşı, türk professor Əziz Sancarın layiq görüldüyünü elan edib. Şimali Karolina universitetində çalışan professor Əziz Sancar, Britaniyada Ser Fransis Krik İnstitutundan Tomas Lindahl, ABŞ-ın Dyuk universitetindən Pol Modriç hər biri ayrı-ayrılıqda DNK-nın bərpa mexanizmi üzərində uzun illər tədqiqat aparıblar.

Nobel komitəsinin kimya üzrə mükafatlarının təqdim edilməsilə bağlı açıqlamasında Tomas Lindal, Pol Modriç və Əziz Sancarın molekulyar səviyyədə hüceyrələrin zərər dəymiş DNK-ları bərpa etməsi və genetik informasiyanı saxlamasının sxemini hazırladığı bildirilir.   “Onların işi canlı hüceyrələrin  funksiya  göstərməsi  və  xərçəng xəstəliyinin yeni  müalicə  üsullarının  inkişaf  etdirilməsində  fundamental  biliklərin   əldə edilməsinə xidmət edib” -deyə İsveç Kral Elmlər Akademiyasının  açıqlamasında  bildirilir.

Uzun illərdir ki, bir çox elm adamları DNT bərpa mexanizmlərini müəyyən etmək üçün çalışırlar və bütün dünyada elmi qruplar yalnız bu problemə yönəlmiş bir çox elmi mərkəzlərdə işləyirlər. Bu məsələnin həllində iştirak edən işçilərin sayı o qədər böyükdür və həll olunan məsələnin sahəsi o qədər genişdir ki, alimlər DNT bərpa mexanizmləri ilə bağlı Nobel mükafatı alacaqlarını ağlına belə gətirmirdilər. Lakin bu sahədə məhz 3 mexanizm “ən vacib və ən başa düşülən üç mexanizm” digərlərindən fərqli olaraq ön plana çıxdı və həqiqətən də müstəsna şəkildə Nobel mükafatına layiq görüldü. Əziz Sancar ultrabənövşəyi şüalar və digər kanserogenlər tərəfindən zədələnən DNT-nin hüceyrə fermentləri vasitəsilə necə bərpa edildiyini izah edən araşdırmasına görə Nobel mükafatı alıb.

Əziz Sancar 1946-cı ildə Türkiyənin cənub bölgəsindəki Savur şəhərində çoxuşaqlı ailədə anadan olub. Onun  hər iki valideyninin savadsız olmaqlarına baxmayaraq, onlar təhsilə böyük qiymət verib və uşaqlarının təhsil alması üçün əllərindən gələni ediblər. Məktəbdə əla oxumaqla yanaşı, o həm də futbol komandasında qapıçı olub. Orta məktəbi bitirdikdə Əziz Sancara hətta Türkiyənin gənclər arasında futbol üzrə yığması üçün seçmə yarışlara qatılmaq da təklif edilib. Lakin milli yığmada oynamaq onun uşaqlıq arzusu olsa da, o, gələcəyini idman deyil, elmlə bağlamaq qərarına gəlib.

Çapel Hill Şimali Karolina universitetinin professoru Əziz Sancar Nobel mükafatına layiq görüldüyü haqda xəbəri səhər xanımından aldığını və bunu böyük təəccüblə qarşıladığını bildirib. Professor Əziz Sancar ABŞ və Türkiyə vətəndaşıdır. O, İstanbul universitetinin tibb fakültəsini bitirib,1977-ci ildə isə ABŞ-da Texas universitetində molekulyar biologiya sahəsində doktorluq dərəcəsi alıb.

https://www.oncotrust.ru

Faydalı linklər