Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

27 mart tarixi “Elm günü” kimi qeyd olunur


Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir.

“Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A.Bokovetsin təsdiq etdiyi “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdu. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında əvəzsiz xidmətlər göstərmişlər. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlüklə Azərbaycan elmi ictimziyyətin bayramıdır.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması  və  möhkəmləndirilməsində,  dövlət  müstəqilliyi  uğrunda  mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanın imzalanması ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılması ölkəmizin elm həyatında baş verən ən önəmli və şərəfli hadisəsidir. Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir.  Bu gün Azərbaycan alimlərinin xeyli hissəsi öz biliyi və bacarığı sayəsində dünya elminin, mədəniyyətinin, incəsənətinin nadir incilərini yaratmaq baxımından bir çox ölkələrin elm adamlarından yüksəkdə durur.

Ölkə Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının regionda əsas elmi mərkəzə çevrilməsi üçün genişmiqyaslı islahatların həyata keçirilməsi üçün müxtəlif fərman və sərəncamlar qəbul etmişdir.

2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat vermişdir. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır.

Bu il həm də Azərbaycanın ən böyük elm məbədi olan AMEA-nın yaradılmasının 77 ili tamam olur.  77 il bir elm ocağı üçün o qədər də böyük müddət olmasa da, bu illər ərzində görülən işləri, Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələri, yaradılan elmi məktəbləri nəzərə alsaq, bu günün necə qürurverici olduğunu anlayarıq.

Elm günün mübarək, doğma Azərbaycan!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər